Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs ədalətli məhkəmə araşdırması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması anlayışının dairəsinə yalnız şəxslərin məhkəməyə çatımlılıq hüququ, müvafiq iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsi deyil, eyni zamanda qərarın qəbul edilməsindən sonrakı mərhələ, yəni qərarın icra edilməsi də daxildir.

Azərbaycan Respublikası adından çıxarılan yerli məhkəmə qərarlarının xarici ölkə ərazisində tanınması və icrası çox ağır və praktikada az rast gəlinən hüquqi prosedurlardandır. Yerli məhkəmə qərarlarının xarici ölkə ərazisində tanınması və icrası ilə bağlı çətinliklərin yaranmasına başlıca səbəb isə Mülki Prosessual Məcəllədə müvafiq məsələni nizama salan prosessual normaların olmamasındadır. "Mirzayev and Partners Law Firm" hüquq şirkəti olaraq MPM-in 47-ci fəslində, Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması üzrə icraatın aparılması qaydalarından məlumatlı olsaq da, çox təəssüflər olsun ki, bu Məcəllədə əks prosesin (yerli məhkəmə qərarlarının xaricdə tanınması və icrası) həyata keçirilməsi qaydalarına rast gəlmirik.

Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamə ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında saxlanması, uşaq yetkinlik yaşına çatanadək hər ay alimentin tutulması qət edilmişdir. Bundan əlavə, Səbail Rayon Məhkəməsi adıçəkilən qətnaməyə izahla bağlı qərərdad qəbul etmişdir. Həmin qərardadda qeyd edilir ki, uşağın ananın yanında saxlanılması hissəsi, uşağın atadan alınaraq anaya verilməsi kimi başa düşülməlidir. Lakin qətnamə cavabdehin xaricdə olması səbəbindən indiyədək icra oluna bilməmiş, uşaq atası tərəfindən qanunsuz şəkildə gizlədilmişdir.

Lakin çətinliklərin və ziddiyətli məqamların olması yerli məhkəmə qərarlarının xarici ölkə ərazisində tanınması və icrası prosesini tamamilə mümkünsüz etmirdi. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" Müqaviləyə əsaslanaraq , çoxsaylı cəhdlərin, gərgin əməyin sayəsində çox qısa zaman kəsiyində biz icraatımızda olan bir işlə bağlı qəbul olunmuş yerli məhkəmə qərarının Türkiyə Respublikası ərazisində tanınması və icrasına tam qanun çərçivəsində uşağın atadan alınaraq ananın yanında saxlanılmasına nail olduq. Hesab edirəm ki, bu hissədə qanunvericilik bazası möhkəmləndirilməli, Müqavilədən yaranan münasibətlərin tənzimlənməsi üçün Prosessual Məcəlləyə müvafiq əlavələr edilməlidir.

Şaiq Mirzəyev,

 

"Mirzayev and Partners Law Firm" hüquq şirkətinin Baş direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Tərəfdaşlar