Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub. Qadınlarımızın missiyası bu gün də davam edir. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər. Bu gün respublikamızda dövlət-qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar olmuşdur.
Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda siyasi yenilik kimi tarixə düşdü və Birinci vitse-prezident kimi fəaliyyət göstərdiyi müddətdə Mehriban xanımın gördüyü işlər ölkə vətəndaşlarının dövlətə etimadını daha da artırmış oldu. Respublikamızı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin yaxın silahdaşı kimi, Mehriban xanım Əliyevanın xalqın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. Xanımın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat zamanı əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız xalqa, vətənə layiqli xidmət məramı görüblər.
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olan Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
Bu bir həqiqətdir ki, insanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə, sosial qayğıya ehtiyacı olanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.
Azərbaycanda islahatlar yeni mərhələyə qədəm qoyub. Bu sırada xüsusən son günlər sosial məsələlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar göstərir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaşların yüksək rifah halının təmin olunması dayanır. İlham Əliyevin sosial siyasət kursunun uğurla reallaşmasında Birinci vitse-prezident kimi fəaliyyət göstərən xanım Mehriban Əliyevadır.
UNESCO və ISESCO-nun xoşməramlı səfirinin çoxşaxəli fəaliyyəti, ölkəmizin xaricdə təbliği istiqamətində atdığı addımlar Azərbaycana böyük dividendlər qazandırıb. Onun nəcib, xeyirxah missiyasının bəhrələri artıq özünü dünyanın ayrı-ayrı məkanlarında da göstərməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə məktəblər, uşaq bağçalarının tikintisi, eləcə də muzeylərin, tarixi abidələrin bərpası da xoşməramlı aksiyaların tərkib hissəsidir. Qayğını və mərhəməti, dünya mədəni irsinin qorunmasını hədəf seçmiş, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz onun yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır.
İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi xanımın siyasətinin prioritetidir. Hər zaman öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşılması, onların sosial problemlərinin həllinə diqqət göstərilməsi və ümumiyyətlə cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini özünün vətəndaşlıq borcu hesab edən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirələrini məcburi köçkünlərin və müharibə əlillərinin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətinin bariz təcəssümüdür.
Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Demək olar ki, heç bir sahə onun diqqətindən kənarda qalmır. Bu gün həm Birinci vitse-prezident, həm də birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.
O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi olub. Hazırda Azərbaycan qadını Mehriban xanım ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.
Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi Mehriban Əliyeva deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın.
Xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Onun “Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin həyatının kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Mehriban xanım Əliyeva Cenevrədə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında demişdir: “Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır... Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından fondun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.
Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın inciləri - Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Şəki Xan Sarayı Azərbaycan muğamı, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətləri, Novruz bayramı, Lahıc misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmizdə hətta xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını da əsas fəaliyyət prioritetlərindən olmaqla 2009-cu ildə Fransanın Strasburq şəhərində Kafedral kilsəsinin bərpası ilə əlaqədar həyata keçirilmiş 1,5 milyon avroluq layihəni xüsusi qeyd etmək olar. Maliyyə yardımını Azərbaycanın Avropa mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirən Strasburq şəhərinin meri R.Ris vurğulayıb ki, orta əsrlərin möhtəşəm abidəsi olan Kafedral kilsə Avropa mədəni irsinin bir parçasıdır: “Biz Heydər Əliyev Fondunun ayırdığı maliyyə yardımını gözəl jest kimi dəyərləndirir, XI əsrə aid qədim tarixi abidənin təmiri məqsədilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk”.
Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın ötən illərdə göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.
Sosial sahədəki fəaliyyəti göstərir ki, Mehriban Əliyevanın bu istiqamətdəki təşəbbüsləri Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sosial siyasətə layiqli xidmət edir. Təbii ki, sosial sahədə atılan bütün addımlar cəmiyyətdə böyük razılıqla qarşılanır, təqdir olunur. Sosial sahəyə diqqətin ölkə rəhbərliyinin fəaliyyətində prioritet olduğunu həm də Birinci vitse-prezident Mehriban Əliyevanın iki il əvvəl bu vəzifənin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müşavirənin keçirilməsi və qarşıya qoyulan vəzifələr onu göstərdi ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən məcburi köçkünlərin sosial məsələlərinin yoluna qoyulması Birinci vitse-prezidentin xüsusi diqqətindədir. Ötən illərdə minlərlə məcburi köçkün ailəsi məhz Mehriban Əliyevanın təşəbbüsü ilə yeni mənzillərə köçürülüblər.
Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü isə Birinci vitse-prezident olaraq Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin əyani göstəricisidir. Bununla bağlı həyata keçirilən layihə çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın, İslandiyanın, İngiltərənin və ABŞ-ın yüksək texnologiyalı məhsulları ilə təmin olunublar.
Hər addımda ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir. Çünki hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan Mehriban Əliyevanın fəaliyyəti əsl nümunə sayılmalıdır.
“Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir” deyən Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqına həsr edən nurlu insanlarımızın, ziyalılarımızın yolunu uğurla davam etdirir. Hazırda dünyanın əksər nüfuzlu mətbuat orqanlarında dərc olunan materiallar Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq aləmdə nə qədər diqqətlə izləndiyini və böyük rəğbətlə qarşılandığını göstərir. Azərbaycanın birinci xanımı bütün dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Mehriban xanım Əliyevaya millətin gələcəyinə, milli intibah prosesinə yeni və dəyərli töhfələrin verilməsinə hesablanmış xoşməramlı missiyaların davam etdirilməsində uğurlar arzulayırıq .
Şaiq MirzƏyev,
“Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin Baş direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru.