“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanından sonra ölkəmizdə bu sahədə bir sıra əsaslı tədbirlər həyata keçirilib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, hakimlərin şəffaf seçimi, müasir standartlara cavab verən məhkəmələrin yaradılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və sair bu kimi tədbirləri xüsusilə qeyd edə bilərik.

Ümumiyyətlə, mühüm "yol xəritəsi" olan bu Fərmanla qarşıya bir sıra hədəflər qoyulmuşdu ki, bunlardan biri də hakimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Ötən dövr ərzində bu istiqamətdə də müvafiq addımlar atılıb və hakimlərin maaşı artırılıb.

Məlum olduğu kimi, bu günlərdə "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişiklik müzakirə olunur və təklif olunan dəyişiklikdə hakimlərin maaşının artırılması nəzərdə tutulur. İlk baxışda bu təklif təqdirəlayiq hesab olunsa da, qanun layihəsində nəzərdə tutulan digər dəyişikliklər bu artımın hakimlərin maddi təminatında ciddi rol oynamayacağını demək olar. Layihədə hakimlərə məzuniyyətə çıxdığı zaman məzuniyyət haqqı ilə yanaşı onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinətlərin dayandırılması nəzərdə tutulub. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, bir tərəfdən hakimlərin vəzifə maaşına artım edilməsi, digər tərəfdən onlara verilən müavinətin dayandırılmasını nəzərdə tutan bu dəyişiklik layihəsi hakimlərin maddi təminatının gücləndirilməsi istiqamətində atılan real addım deyil, formal xarakter daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, hakimlərin vəzifə maaşları onlara verilən müavinətlərin dayandırılması hesabına artırılmamalıdır.

Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan məhkəmələrində hakimlərin iş yükü həddindən artıq çoxdur və onlara verilən maaş iş yükünə adekvat deyil. Məsələn, Azərbaycanda kommersiya məhkəmələrində cəmi 18 hakim var, amma icraatda minlərlə iş mövcuddur. Doğrudur, son illərdə hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Ancaq yenə də bu rəqəm iş yükü ilə müqayisədə çox deyil.

Məlum məsələdir ki, hakimlərin müstəqilliyinin əsas amillərindən biri də onların sosial rifahının yüksək olmasıdır. Hakimlərin maddi təminatının yüksək səviyyədə olması onların öz işlərinə daha məsuliyyətli yanaşmasına, verilən qərarların daha ədalətli olmasına səbəb olur ki, bu da onların fəaliyyətinin şəffaflığına, ədalət mühakiməsinin daha keyfiyyətli həyata keçirilməsinə və məhkəmələrin güclənməsinə gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, hazırda hakimlərin maaşının əhəmiyyətli dərəcədə artırılması zəruridir.

Sinqapur iqtisadi inkişaf modelinə diqqət yetirsək, görərik ki, ölkənin inkişafının təməlində məhz dərin məhkəmə islahatlarının həyata keçirilməsi, yeni hakim korpusunun yaradılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlərin təşkili dayanır. Sinqapurun hüquq sistemi İngilis ümumi hüququ üzərində qurulub, lakin əhəmiyyətli dərəcədə yerli fərqliliklərə malikdir. Sinqapurun məhkəmə sistemi Asiyada ən etibarlı sistemlərdən biri hesab olunur. Hesablamalara görə, Sinqapurda bir hakimin maaş və müavinətləri ilə birlikdə aylıq gəliri 16-24 min ABŞ dolları arasında dəyişir. Göründüyü kimi, Siqapurda məhkəmə hakimiyyətini gücləndirmək üçün məhz hakimlərin maddi təminatının yaxşılaşdırılması ön plandadır.

Hesab edirəm ki, Azərbaycanda hakimlərin sosial rifahının yaxşılaşdırılması eyni zamanda iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir. Ona görə də hakimlərin maaşı əhəmiyyətli dərəcədə artırılmalıdır. Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi onların ehtiyac içində olmadan, maddi sıxıntı çəkmədən tam, obyektiv, qərəzsiz şəkildə iş barədə qərar qəbul etməsinə, məhkəmə icraatının obyektivliyinin daha dolğun şəkildə təmin edilməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradacaq.

Şaiq Mirzəyev,

"Mirzayev and Partners Law Firm" hüquq şirkətnin Baş direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Tərəfdaşlar