Bir əsrdən çox fəaliyyəti olan ədliyyə sisteminin özünəməxsus tarixi keçmişi vardır. Belə ki, təməli Azərbaycan Demokratik Respublikası tərəfindən qoyulan Ədliyyə Nazirliyi 1918-ci il 22 noyabrda təsis edildi və Əsasnaməsini təsdiq etdi. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən 2000-ci ildə imzalanmış sərəncamla hər il 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Xüsusi olaraq vurğulayaq ki, ölkəmizdə müstəqilliyin bərpasından sonra məhkəmə-hüquq və bütövlükdə ədliyyə sisteminin təkmilləşməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün sahələrdə geniş vüsət alan islahatlar ədliyyə və məhkəmə orqanlarını da tam şəkildə əhatə edib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə məhkəmə-hüquq sistemində Azərbaycan ədliyyəsinin inkişafı üçün əsaslı islahatlar davam etdirilib. O cümlədən, müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq artıb, vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradılıb. Əhalinin müraciət imkanlarının asanlaşdırılması məqsədilə məhkəmələrdə müasir texnologiyalar tətbiq edilərək operativliyin təmin edilməsi istiqamətində olduqca vacib işlər görülüb. Ədliyyə sisteminin fəaliyyəti beynəlxalq normalara uyğunlaşdırılıb, mükəmməl normativ-hüquqi bazası yaradılıb. Əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin elektron sistemi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının elektron sistemi, eləcə də, ölkə Prezidenti İlham Əliyevin “Elektron Məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı, innovativ halların tətbiqi və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu.
Məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirən ölkə Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə olan dünyada mövcud ən mütərəqqi təcrübələrin tətbiqi baxımından 10 fevral 2017-ci il tarixdə imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı proqram xarakterli sənəddir.
Həmin il məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqində ədalət mühakiməsinə dair keçirilən müsabiqədə Azərbaycan Avropa Şurasının “Kristal Ədliyyə Tərəzisi” mükafatına layiq görülmüşdür.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və Azərbaycan brendi kimi dünyada məşhurlaşmış “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. Burada verilən sənədlərin 40 faizindən çoxu məhz ədliyyə qurumlarının payına düşür və həmçinin notariat, qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılır. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vahid şəkildə idarə edilməsini, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir. Mərkəzlərdə vətəndaşlara göstərilən xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və elektron xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi üzrə qanuna uyğun olaraq icra olunur.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 300- dən artıq kənd, onlarca strateji əhəmiyyətli yüksəklik işğaldan azad olundu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə imzaladıqları bəyanat qələbəmizi rəsmiləşdirdi və Ermənistanın rəsmən məğlub olduğunu təsdiqlədi.
Qazanılan bu qələbədə ədliyyə işçilərinin də zəhmət payı var. Bu işdə informasiya mübarizəsinin böyük rolu olduğu hər kəsə bəllidir. Dövlətimizin başçısı dünyanın 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinə müsahibə verərək Ermənistan rəhbərliyinin, eləcə də onun havadarlarının iç üzünü açdı. Ədliyyə naziri cənab Fikrət Məmmədovun Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı xarici həmkarlarına müraciəti dövlət başçımızın informasiya cəbhəsindəki yorulmaz fəaliyyətinin davamı kimi qiymətləndirilir. Həmin müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin ədliyyə nazirlərinə faktlara istinadən ətraflı məlumat verildi. Müraciətdə qeyd edilirdi ki, 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələrə səbəb olub.
Müraciətin sonunda ədalət mühakiməsinə və ədliyyəyə məsul şəxs olaraq, həmkarlarının bu məsələdə iştiraksız qalmayacaqlarına və beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.
22 noyabr -- Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu il, ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ilk ildönümü bayram edildi. Şanlı Zəfərlə Azərbaycan Ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycan Ədliyyəsi davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar, ölkəmizin inkişaf prosesinə uyğun olaraq respublikamızın Qarabağ bölgəsini də əhatə edəcək.
Peşə bayramını Qələbə sevinci ilə qeyd edən və bu zəfər günlərini bizlərə yaşatdığına görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq hissi keçirən ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.
Tarixi qələbəmiz, həm də peşə bayramımız münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.
Şaiq Mirzəyev,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru