Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı erməni işğalından azad etdik. Prezident İlham Əliyevin fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, onun iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə yönələrək bu möhtəşəm qələbəmizi şərtləndirdi.
Biz artıq ərazi bütövlüyümüzün bərpa olunması ilə böyük quruculuq mərhələsinə qədəm qoymuşuq. Bu istiqamətdə çox böyük əhəmiyyətli işlər görülüb və işğaldan azad olunan ərazilərimiz yenidən dirçəlir.
Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prioritet olmaqla yanaşı, ölkəmizdə bütün sahələrin inkişaf etdirilməsi dövlətimizin diqqəti mərkəzindədir.
Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına əsasən, digər sahələrdə olduğu kimi, ədliyyə və məhkəmə sisteminin inkişafı üçün də ardıcıl tədbirlər həyata keçirilir.
Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac vermişdir. Artıq Fərmanın icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülür.
Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsinə xüsusi əhəmiyyət verilmiş, bu sahədə mütərəqqi qanunvericilik bazası yaradılmış, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı - Məhkəmə-Hüquq Şurası təsis edilmiş və Şuranın sədri Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədov təyin olunmuşdur. Məhz onun rəhbərliyi altında ədliyyə sahəsində müasir tələblərə cavab verən islahatlar həyata keçirilmişdir.
Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericiliyə 50-dək dəyişiklik edilmiş, Şuranın səlahiyyətləri ilbəil genişləndirilmiş, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması Şuraya həvalə edilmiş, hakimlərin təyinatında, səlahiyyətinə xitam verilməsində Şuranın rolu artırılmışdır.
Ədliyyə orqanlarının sağlam mənəviyyata, yüksək hazırlığa və peşəkarlığa malik işçilərlə möhkəmləndirmək üzrə məqsədyönlü tədbirlər görülür, açıq müsabiqələr əsasında test üsulu ilə şəffaf seçim aparılır. Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq ilk dəfə ədliyyə orqanları işçisi, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə və mediatorluğa namizədlərin icbari təlimi həyata keçirilir.
Ədliyyə xidmətlərin səviyyəsinin yüksəldilərək müasir tələblərə uyğun qurulması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə yeni iş metodları, elm və texnikanın müasir nailiyyətləri tətbiq edilir.
Yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə mütərəqqi Qaydalar hazırlanmış, müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Çoxmərhələli imtahanlarda şəffaflıq və obyektivlik, o cümlədən bütün prosesin - sualların seçilməsi, çoxaldılaraq paylanması, nəticələrin yoxlanması və elan edilməsi, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin qarşısında keçirilməsi və onlayn rejimdə canlı yayımlanması, nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb etmişdir.
Bu prosesi bilavasitə izləyən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ), habelə Avropa İttifaqı Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirmiş və digər dövlətlərə də tövsiyə etmişdir. Ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün” Dövlət Proqramı qəbul edilmişdir.
Dövlət başçısı tərəfindən vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən sosialyönümlü tədbirlərin tərkib hissəsi olaraq hakimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artırılmış, habelə məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı yeni layihələr hazırlanmışdır. Yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilmiş, bu prosesdə şəffaflıq, çeviklik artırılmışdır. Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilmiş, hakimliyə namizədlərin keyfiyyətli distant təlimi təşkil olunmuşdur. Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılmışdır. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanmışdır.
Eyni zamanda ölkə üzrə məhkəmələrin "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılması ilə bağlı Dünya Bankı ilə birgə əməkdaşlıqda əməli tədbirlər görülmüşdür. Dövlət başçısının Fərmanı ilə sistemin Əsasnaməsi təsdiq olunaraq fəaliyyətinin hüquqi əsasları müəyyən edilmiş, e-məhkəmənin digər qurumların informasiya sistemləri ilə qarşılıqlı inteqrasiyası təmin olunmuşdur.
Məhkəmə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə "Elektron məhkəmə" informasiya sisteminin mobil versiyası da mövcuddur. "Mobil məhkəmə" tətbiqi üzərindən istifadəçilər "Şəxsi kabineti" vasitəsilə sistemin açdığı bütün imkanlardan yerləşdiyi yerdən asılı olmayaraq öz mobil cihazı vasitəsilə istifadə edə bilərlər. Hazırda "Mobil məhkəmə" vasitəsilə birinci instansiya məhkəmələri tərəfindən qəbul olunan qərarlardan apellyasiya şikayətinin verilməsi imkanın yaradılması üzrə tədbirlər görülür.
Qlobal pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi şəraitində məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı nəzərə alınaraq məhkəmə proseslərinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə distant aparılması üçün xüsusi proqram modulu hazırlanmış və bir çox işlərə videobağlantı ilə baxılması təmin edilmişdir. Operativ olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi cinayət işlərinə də bu formatda baxılmasını mümkün etmişdir. İlk növbədə buna dövlət başçısının tapşırığı ilə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən ardıcıl tədbirlər imkan vermişdir. Bu sahədə Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində "Elektron məhkəmə" informasiya sistemi və digər İKT ilə təchiz olunaraq, yüksək texnoloji (hi-tech) məhkəmələrə çevrilmişlər.
Ölkəmizdə arbitraj institutunun təşviqi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bu sahədə bir sıra dövlətlərin, o cümlədən Almaniya, Avstriya, Danimarka, Norveç və Gürcüstanın təcrübələri, habelə UNCİTRAL Model Arbitraj Qanunu nəzərdən keçirilmiş və "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı yeni layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, işin yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ölkənin bütün ərazisində hakim korpusunun peşəkar hüquqşünaslarla möhkəmləndirilməsi, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi əsas prioritetlərdəndir.
Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair qanunvericilikdə bir sıra yeniliklər təsbit olunub. Humanizm ideyalarına daim sadiq olan ölkə Prezidenti tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən tədbirlərin son illər davamlı xarakter alması xüsusi qeyd olunmalıdır. Eyni zamanda azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılmış və qısa müddətdə elektron nəzarət vasitələri (elektron qolbaqlar) tətbiq olunmaqla həmin cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi öz səmərəsini vermişdir.
Dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi davamlı xarakter almış, bu məqsədlə vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu Penitensiar xidmətdə fəaliyyət göstərən xüsusi Komissiya tərəfindən mütəmadi olaraq, o cümlədən xüsusi karantin rejimi şəraitində iclaslar videokonfrans formatında keçirilmişdir. Qeyd edək ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizm ənənələrinə daim sadiqlik nümayiş etdirilir, əfvetmə və amnistiya institutları işlək mexanizmlər əsasında davamlı olaraq geniş tətbiq olunur.
Eyni zamanda humanizm ideyalarını həyata keçirmək, mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Təsadüfi deyil ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş və on minlərlə insanı əhatə edən amnistiya aktları həyata keçirilmişdir.
Ədliyyənin müxtəlif sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə daim xüsusi diqqət yetirilir. Hazırda ədliyyə sahəsində əhaliyə 31 elektron xidmət göstərilir. Pandemiya İKT-lərin geniş tətbiqini və fəaliyyətin onlayn rejimə keçməsini stimullaşdırmış və bu baxımdan ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı elektron xidmətlərin tətbiqi karantin dövründə vətəndaşların bu orqanlara əlçatanlığını xeyli asanlaşdırmışdır.
Tətbiq olunan innovasiyalar, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar "elektron notariat çantası" hazırlanaraq notariusların istifadəsinə verilmişdir ki, elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan həmin çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.
Maraqlı yeniliklərdən biri də "Elektron ədliyyə köşkü"dür. Sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılan bu "köşk" vətəndaşlara video əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin məsafədən göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir.
Həmçinin Azərbaycanın məhsulu olan "Mobil notariat" tətbiqi son zamanlar vətəndaşların daha çox bəhrələndiyi innovasiyalardan biridir. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. Pandemiya dövründə bu tətbiqin funksionallığı genişləndirilmişdir. Artıq tətbiq üzərindən istifadəçilər notariat ofisinə getmədən notariusla video əlaqə yaradaraq nəqliyyat vasitələrinin idarə olunması və ona sərəncam verilməsi, habelə hüquqi yardımla bağlı vəkilə verilən və bəzi digər etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanına malikdirlər.
Məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində rəqəmsal innovasiyalar tətbiq olunmaqla yüksək texnoloji – “hi-tech” məhkəmə bina və kompleksləri inşa olunaraq istifadəyə verilir.
Ədliyyə qurumu üçün yeni, müasir bina və komplekslərin tikilərək istifadəyə verilməsi dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində məhkəmə-hüquq sistemində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.
O cümlədən, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan Sumqayıt Məhkəmə Kompleksinin açılışını edib. Binada quraşdırılmış müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır. Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün "Femida" sistemi quraşdırılıb ki, bununla proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazılışı aparılır, məhkəmə sənədlərinin tərtibi asanlaşır, işlərə məsafədən videokonfrans formatında baxılması mümkün olur. Cinayət işləri üzrə məhkəmə zallarında, həmçinin təqsirləndirilən şəxslər üçün xüsusi yer ayrılıb və burada monitor, mikrofon və vəkillə əlaqə saxlamaq üçün birbaşa telefon quraşdırılıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyində aparılan islahatlar çərçivəsində rəsmi internet saytı yaradılıb ki, bu da 3 dildə (Azərbaycan, rus və ingilis dilləri) olmaqla “Qarabağ Azərbaycandır!” elektron məlumat platformasıdır. Platformanın yaradılmasında məqsəd Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri insanlıq əleyhinə, o cümlədən hər bir insanın təhlükəsiz yaşamaq hüququnun pozulmasına yönələn müharibə cinayətləri, terroru barədə həqiqətlərin, insan hüquqlarına dair beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması haqqında məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır.
Daim yenilənən platformada ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial şəbəkələrdə müraciətləri və mediada çıxışları, işğaldan azad edilən ərazilərimiz barədə xəbərlər, bayrağımızın ucaldılması mərasimləri, Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələrinə dair fotoqalereya, münaqişəyə dair tarixi sənədlər: Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri və digər materiallar yerləşdirilib.
İşğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması ilə bağlı genişmiqyaslı quruculuq işləri aparılır. Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri də ən ümdə vəzifələrdəndir. Bununla əlaqədar dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi üzrə kompleks tədbirlər, o cümlədən ədliyyə nazirliyinin rəhbərliyi ilə Qərargah yaradılmış, zəruri təşkilati işlər görülür. Həmin ərazilərdə fəaliyyətin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ regional ədliyyə idarəsi yaradılmışdır.
Ümumilikdə isə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, islahatlar davamlı mahiyyət daşımalı, konkret məqsədə xidmət etməli, ən əsası isə bu islahatların mərkəzində vətəndaş məmnunluğu dayanmalıdır. Mövcud siyasi iradə və ortaya qoyulan mövqe bu islahatların qısa zamanda daha uğurlu nəticələr verəcəyini düşünməyə ciddi əsaslar yaradır.
Şaiq Mirzəyev,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru