Artıq iki ildir Qarabağ münaqişəsi Zəfərlə tarixə qovuşub. Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir.Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Nəhayət, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən 8 noyabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdə qətiyyəti və siyasi müdrikliyi sayəsində bütövlüyümüzə nail olduq.

Prezident İlham Əliyev daim keçirilən görüşlərdə, bəyanatlarda artıq post-münaqişə dövrünün reallıqlarından, Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasından və ona dəstəkdən bəhs edirdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri Azərbaycan yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfdən də bu cür addımların atılmasını tələb edirdi. Çünki hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanması, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair məsələlərdir. Hazırda Ermənistan sülh müqaviləsini imzalamaq məsələsində tərəddüdlər içərisində olsa da sonda iki yoldan birini seçməyə məcburdur. Ya sülh müqaviləsini imzalayıb regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması əsasında yeni əməkdaşlıq formatlarında iştirak etməklə özünün iqtisadi imkanlarını yaxşılaşdıracaq, ya da “Dəmir yumruq”, “Qisas” və “Qətiyyətli cavab” əməliyyatlarının davamlı olacağını düşünməli olacaq. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə xeyli sayda görüşlər keçirilib. 2021-ci il 11 yanvar tarixli Moskva, 2021-ci il 26 noyabr tarixli Soçi görüşlərinin, onun ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə Brüssel, oktyabrın 6-da isə Praqa görüşlərinin hər biri sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlardır. Hər bir görüş üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımdır. Avropa İttifaqının vasitəçilik missiyası Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Ermənistan bu formatı sözdə qəbul etsə də əməldə daha çox 30 ildə onlara dəstək göstərib, ədaləti maraqlarının arxasında gizlədən bəzi dövlətlərin vasitəçiliyinin bərpasında maraqlı olduğunu təsdiqləyir. Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı ən aktual məsələlərdən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır. İstər Moskva və Brüsseldə, istərsə də müvafiq komissiyaların görüşlərində sözügedən məsələnin bölgədə sülh və əmin-amanlığa xidmət edəcəyi, normal qonşuluq münasibətlərinə rəvac verə biləcəyi vurğulanır. Delimitasiya prosesi qonşu dövlətlər arasında sərhəd xətlərinin müəyyən edilməsinin ilkin mərhələsidir. Bu zaman xəritələr üzərində topoqrafik göstəricilər – relyef, hidroqrafiya, yaşayış məntəqələri və s. dəqiq göstərilir. Bu prosesdən sonra dövlət sərhədi xətti ilə bağlı müqavilə imzalanır. Demarkasiya isə ikinci mərhələdir. Əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə, ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhədi xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsi anlamına gəlir.

Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası məsələsini Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Azərbaycan–Ermənistan liderlərinin son görüşünün ciddi nəticəsi kimi dəyərləndirmək olar. Brüsseldən iki gün sonra isə delimitasiyası komissiyaları bir araya gəlib, müzakirələr aparıblar.Keçirilən görüşlərin yekunu olaraq imzalanan bəyanatların hər biri Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu il aprelin 6-da keçirilən Brüssel görüşündə Azərbaycanın beynəlxalq hüququn əsas 5 mühüm bənddən ibarət paket özündə ehtiva edən sülh təklifi əksər dünya gücləri tərəfindən dəstəklənir. Həmin bəndləri bir daha xatırladaq: dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq. İki dövlət yalnız bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.

Avqustun 31-də təşkil olunan görüşdə isə sülh müqaviləsinin imzalanması ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsinin zəruriliyi dəstəkləndi. Praqa görüşündə Fransa Prezidenti Emmanuel Makronun tərəf kimi iştirakı idi. Praqa bəyanatında əksini tapan müddəalarla bağlı razılığını ifadə edən Makron çox keçmədi ki, erməni diasporunun nümayəndələri ilə görüşündə sərsəm bəyanatları ilə əsl simasını bir daha nümayiş etdirdi. İkiüzlü siyasəti ilə Fransa Prezidenti 30 illik işğal dövründə vasitəçiliyinin əsasında dayanan maraqlarını bir daha büruzə verdi.Rusiya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalayan tərəflərdən biridir. Bu baxımdan, Rusiya sözügedən Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə Ermənistanı məcbur etmək imkanındadır. Ona görə də 2021-ci il 11 yanvar tarixli Moskva və 2021-ci il 26 noyabr tarixli Soçi görüşlərinin davamı olaraq son Soçi Bəyanatında bildirilir ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq edirik.

Soçi Bəyanatında bu müddəa da yer alıb ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlıq vacibdir. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.Digər bəyanatlar kimi, 2019-cu il oktyabrın 3-də Soçidə keçirilən"Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik sessiyasında "Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı bugünki qələbəmizin sanki təməlini qoydu.

Budəfəki Soçi Bəyanatında "Qarabağ" və ya "Dağlıq Qarabağ" terminin işlədilməməsini, Qarabağla bağlı bir sözün belə qeyd olunmamasını Azərbaycan Prezidenti İlham Əliyevin üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə səsləndirdiyi “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” bəyanatının təzahürü kimi qəbul etmək olar.

Rusiyanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasında iştirak edən tərəf kimi üzərinə düşən məsuliyyəti nəzərə alsaq bu kontekstdə qısa müddətdə sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür.Otuz ildən sonra Ermənistana və əksər dünya güclərinə ədalət və beynəlxalq hüquq deyilən anlayışların mövcudluğunu sübut edən də Azərbaycandır. Bu günün əsas tələbi beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün dəstəklənməsi fonunda Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılması, sülh müqaviləsinin imzalanmasıdır.

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada Fəxri qonaq statusunda iştirak etdi. Toplantıdakı çıxışında Prezident İlham Əliyev Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini, eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edib.

Daha sonra vurğulayıb ki, Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir… Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı…Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, Ermənistan 30 ilə yaxın bir müddətdə torpaqlarımızın 20 faizini işğal altında saxladı,bir milyondan artıq soydaşımızı doğma ata-baba yurdundan didərgin saldı. Onların hüquqları kobud şəkildə pozuldu və bütün bu işğal illəri ərzində həmişə ərəb qardaşlarının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etdiyini əlavə edib… Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi ,əməkdaşlığımızı daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.

Şaiq Mirzəyev, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Tərəfdaşlar