Sizin iştirakınız olmadan məhkəmə prosesində mülki işə baxıla və qərar çıxarıla bilərmi?

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə aşağıdakı hallarda sizin iştirakınız olmadan işə baxa və yekun qərar çıxara bilər:

1) Qiyabi icraat qaydasında işə baxıldıqda;

Məhkəmə sizi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar etmişsə, siz isə məhkəmə iclasına gəlmədikdə və gəlməməməyinizin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmirsə, işə qiyabi icraat qaydasında baxılır.

Məhkəmə qiyabi icraat qaydasında baxdığı işin yekununda qiyabi qətnamə qəbul edir. Siz qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni qəbul etmiş məhkəməyə ərizə verə və yaxud ümumi qaydalarla qətnaməni rəsmi aldıqdan sonra 30 gün müddətində apelyasiya şikayəti verə bilərsiniz.

Siz qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilərsiniz.

Əgər məhkəmə sizin məhkəmə iclasında iştirak etməməyinizi üzürlü hesab edərsə, onda məhkəmə qəbul etdiyi qiyabi qətnaməni ləğv edə bilər. Bu halda işə adi qaydada,yəni iddia icraatında baxılacaq və bu dəfə sizin iştirakınızla qətnamə qəbul olunacaq.

2) Əmr icraatı qaydasında işə baxıldıqda;

Borc verənin (kreditor, bank) borcluya qarşı tələbi aşkardırsa və ya həmin tələb mütləq şəkildə borclu tərəfindən ödənilməlidirsə, bu hallarda məhkəmə işə əmr icraatı qaydasında baxa və yekun olaraq məhkəmə əmri verə bilər. Xüsusilə pul tələbinə dair işlərə məhkəmədə əmr icraatında sadələşdirilmiş qaydada baxılır.

Məsələn, vətəndaş bankdan 2000 manat kredit götürüb və hər hansı səbəbdən kredit məbləğini ödəməkdən boyun qaçırır. Bank məhkəməyə ərizə ilə müraciət edərək borcluya qarşı əmr verməsini xahiş edir. Məhkəmə 3 gün ərzində ya ərizəni rədd edir, ya da tərəfləri çağırmadan, baxış keçirmədən borcun ödənilməsinə dair əmr verir.

Lakin borclu əmri aldıqdan sonra 10 gün ərzində həmin məhkəməyə yazılı əsaslandırma aparmadan etirazını bildirə bilər. Bundan sonra məhkəmə mövcud əmri ləğv etməli və işə iddia icraatı qaydasında baxmalıdır. Yəni tərəflərin iştirakı ilə məhkəmə iclasları keçirməlidir.

3) Sadələşdirilmiş icraat qaydasında işə baxıldıqda;

Sadələşdirilmiş icraat mülki işlərə məhkəmə baxışı keçirilməsinin və tərəflərin izahatlarının dinlənilməsinin tələb olunmamasına əsaslanan icraat qaydasıdır. Mülki işlər üzrə iddianın qiyməti 2000 manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti 10 000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılır.

Məhkəmə 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirmədən işə baxır və həmin işin həllinə dair qətnamə çıxarır.

Məsələn, satıcı 1500 manat dəyərində avadanlığı sizə satmış, siz isə bunun qarşılığında satıcıya lazimi qaydada ödənişlər etməmisiniz.

Bu halda satıcı həmin məbləğin sizdən alınması üçün sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək həmin məbləğin ödənilməsini tələb edə bilər.
Məhkəmə edilmiş müraciət əsasında tərəflərin heç birini məhkəməyə dəvət etmədən işə baxıb qətnamə qəbul edir. Məhkəmə sadələşdirilmiş icraat üzrə işlərə adətən elektron qaydada göndərilən ərizələr üzrə baxır.

Əgər siz yekun məhkəmə qətnaməsindən şikayət verməzsinizsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Həmçinin qeyd etmək lazımdır ki, cavabdehin rəsmi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmədiyi halda məhkəmə onun iştiraki olmadan iddia icraatı qaydasında da qətnamə qəbul edə bilər.

Qulam İsmayılzadə

Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili

Tərəfdaşlar