Warning: opendir(/home/mpaz/cache/cache_b/): failed to open dir: Permission denied in /home/mpaz/www/classes/Cache/Lite.php on line 643
Mirzayev&Partners Legal Firm

Ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrası mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarının icrası sahəsində ötən dövr ərzində bir sıra tədbirlər həyata keçirilsə də, bu sahədə çatışmazlıqların olduğu hər kəsə məlumdur. Bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, süründürməçilik və digər neqativ hallar vətəndaşların haqlı narazılığına səbəb olur.

Təsadüfi deyil ki, ədliyyə naziri Fərid Əhmədov yeni vəzifəsinin icrasına başlar-başlamaz diqqət göstərdiyi məsələlərdən biri məhkəmə qəraralarının icrası sahəsindəki problemlər oldu. O, icra xidmətinin yerli qurumlarının rəhbərləri ilə müşavirə keçirdi və ədalət mühakiməsinin həyata keçirilməsində və vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının əhəmiyyətini qeyd etdi. Nazir icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, onlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə, əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi və sair ilə bağlı konkret tapşırıqlar verdi.

Hesab edirəm ki, cənab nazirin bu addımı məhkəmə qərarlarının icrası sahəsində gözlənilən müsbət dəyişikliklərin carçısıdır. Ümumiyyətlə, Fərid Əhmədovun təyinatından qısa müddət keçməsinə baxmayaq, artıq məhkəmə qərarlarının icrası sahəsində dəyişikliklər hiss olunmaqdadır. Bu, icra məmurlarının işə məsuliyyətli yanaşmasında, davranış qaydalarında özünü göstərir.

Lakin məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi, bu sahədə süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması üçün bu sahədə ciddi islahatların həyata keçirilməsi vacibdir.

Hesab edirəm ki, hazırda icra sahəsindəki problemlər əsasən icra məmurlarının iş yükünün çox olmasından qaynaqlanır. İcra işlərinin sayı həddindən artıq çoxdur və icra məmurlarının sayına mütənasib deyil. Bir icra məmurunun icraatında orta hesabla 2500-4500 aktiv icra işi olur. İcra məmurunun bu işləri vaxtında və effektiv şəkildə icra etməsi fiziki olaraq mümkün deyil. Əslində, bu iş yükünə mütənasib olaraq icra məmurları heç də pis işləmir. Lakin icra məmurlarının sayının artması bu sahədə səmərəliliyi artıracaq.

Etiraf etmək lazımdır ki, bu gün icra məmurlarının maddi təminatı heç də ürəkaçan vəziyyətdə deyil, əmək haqları iş yükünə adekvat deyil. 700-800 manat məbləğində əmək haqqı alan icra məmuru icraatında olan bütün işləri necə vaxtında və effektiv şəkildə icra etsin? Hesab edirəm ki, buna diqqət yetirilməlidir. Bugünkü şəraitdə icra məmurlarının əmək haqları 2000-2500 manatadək artırılsa, bu, onların motivasiyasını artırmış olar və iş fəaliyyətinə də müsbət təsirini göstərər.

Fikrimcə, özəl icra qurumlarının yaradılması da bu sahədə müsbət nəticələrə gətirib çıxara bilər. Məlum olduğu kimi, qanunvericiliyə görə, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra icra sənədi aidiyyəti üzrə icra olunması üçün göndərilir. Təklif edirəm ki, kommersiya işlərində icra sənədi tələbkarın özünə verilsin. Tələbkar bu halda ödənişli icra qurumları ilə müqavilə bağlasın və onun icra işi icra olunsun.

Həmçinin icra məmurlarının təhlükəsizliyinin təmin edilməsi baxımından da addımların atılması vacibdir. Çünki bəzi hallarda icra məmuru öz vəzifə səlahiyyətlərini yerinə yetirərərkən müəyyən təhlükələrlə üzləşir. Belə ki, mənzildən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılması və s. hallarda icra məmurları borclular tərəfindən müqavimətə məruz qalır. Onlara qarşı aqressiv davranışlar, bəzən fiziki zorakılıq tətbiq olunur. Bu halda icra məmurunu qoruyan şəxslər olmur. Düşünürəm ki, belə hallarda icra məmurlarının müdafiəsi üçün onları müşayiət edən xüsusi şəxslər ayırılmalı, borclunun qeyri-qanuni hərəkətlərinin qarşısı alınmalıdır. Belə olduqda icraçılar öz işlərini daha rahat və təhlükəsiz şəkildə görə biləcəklər.

Bu gün icra məmurlarının iş şəraiti də ürəkaçan deyil. İcra şöbələrinin bəzilərinin inzibati binaları yoxdur. Kiçik bir otaqda 4-5 icra məmuru oturur, o qədər çox icra işi olur ki, heç onları qoymağa yer tapmırlar. İcra məmurları iş prosesi ilə əlaqədar olaraq bir çox hallarda öz şəxsi nəqliyyat vasitəsi, mobil telefon və digər imkanlarından istifadə etməli olur. İşlərin çoxluğu səbəbindən bəzi hallarda icra məmurları öz şəxsi vəsaiti hesabına əlavə işçi saxlamağa məcbur olur. Həmçinin öz hesablarına dəftərxana ləvazimatı almalı olurlar. Ona görə də icra xidmətində sturukturun genişlənməsinə, maddi-texniki bazanın gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm.

Hesab edirəm ki, mövcud çatışmazlıqların və nöqsanların aradan qaldırılması üçün icra sahəsində qanunvericilik təkmilləşdirilməli, icra məmurunun səlahiyyətləri artırılmalıdır.

Qeyd olunan məsələlərin öz həllini tapması bu sahədəki problemləri aradan qaldırmış olar. Bununla da məhkəmə qərarlarının icrası ilə bağlı şikayətlərin sayının azaldılmasına və vətəndaş məmnunluğuna nail olunacaq. İnanıram ki, yeni nazir məhkəmə qərarlarının icrasına nəzarəti gücləndirməklə bu sahədə müsbət dönüş yaradacaq.

Şaiq Mirzəyev

"Mirzayev and Partners Law Firm" hüquq şirkətinin baş direktoru

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Tərəfdaşlar