Milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirən Prezident İlham Əliyev ötən dövr ərzində ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərbər etmişdir. Hazırda Prezidentin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edərək sahibkarlığın inkişafına güclü təkan verir.

Bu barədə "Mirzayev and Partners Legal Firm" hüquq şirkətin rəhbəri, “AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyevin "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilib.

O, sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlardan danışaraq qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası bir model olaraq iqtisadiyyatı inkişaf edən ölkələrdə nümunəyə çevrilməkdədir. Bu milli inkişaf modeli ilə respublikamız dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb.

"Belə ki, Azərbaycan modeli olan, habelə əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzləri də məhz bu zərurətdən irəli gəlmişdir. “ASAN xidmət” mərkəzləri tərəfindən idarə olunan Elektron Hökumət Portalı dövlət orqanlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, dövlət orqanlarının portala qoşulmuş informasiya sistemləri müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət göstərir. Dövlət başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilir.

Ölkəmizdə sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Dövlət proqramları sahibkarlığın dövlət müdafiəsinin bu və ya digər variantının müasir mərhələsində qarşıya qoyulmuş vəzifələr və digər amillərin təsiri ilə şərtlənir. Bu amillərin təsiri nəzərə alınaraq, ölkəmizdə sahibkarlığın müdafiəsi və inkişafı dövlət sistemi daxilində əlaqələndirilmiş dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmişdir. Eyni zamanda sahibkarın dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini dərk edərək irəli gələn vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirmişdir. Sahibkarlar artıq mövcud problemlərin həllində iştirak edir. Bu baxımdan yaradılmış mexanizmlər (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Sahibkarlar Şurası, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır.

Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) yaydığı məlumata görə hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99 faizini mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. 2021-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış sahibkarlıq subyektlərinin 92,1 faizini mikro, 5,3 faizini kiçik, 2,1 faizini isə orta sahibkarlıq subyektləri təşkil edir. Bu il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı isə 1 milyonu ötüb.

Bu gün ölkəmizdə bir sıra qurumlar, o cümlədən KOBİA tərəfindən sahibkarlara, xüsusilə KOB subyektlərinə müxtəlif dəstək və xidmətlər təqdim olunur, güzəştlər və dövlət dəstəyi həyata keçirilir, bir sıra institusional mexanizmlər fəaliyyət göstərir. Belə ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda mikro sahibkarlıq subyektləri (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər istisna olmaqla) əmlak vergisindən azaddır.

Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən olan “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinin alt məqsədlərindən biri də məhz KOB-ların inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsidir. Bu məqsədlə hazırda 2021-2025-ci illər üzrə hədəf və prioritetlərin müəyyənləşdirilməsi üçün müvafiq işçi qrupu çərçivəsində intensiv işlər aparılır.

Dövlət başçısı 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən insanlarda olan narahatlığa son qoyuldu. Bu fərman sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Açıklama yok.

Təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiq etdi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Əminik ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağ yenidən dirçəldiləcək, insanların öz doğma yurdlarına dönməsinə nail olunacaqdır", - deyə Şaiq Mirzəyev bildirib.

Tərəfdaşlar