Bu gün - 27 sentyabr Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Anım Günü ilə əlaqədar "Mirzayev & Partners Legal Firm" hüquq şirkətində tədbir keçirilib. 

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şirkətin əməkdaşları çıxış edərək İkinci Qarabağ münaribəsində Ali Baş Komandanın və Müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbədən danışıblar.

Bildirilib ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi başa çatdı və ərazi bütövlüyümüz təmin olundu.

Qeyd edilib ki, torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan tarixinə qızıl hərflərlə düşən Vətən müharibəsində əldə etdiyimiz Qələbə bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə cənab Prezidentin rəhbərliyi altında bərpa-quruculuq işləri həyata keçirilir.

Sonda şirkət əməkdaşları düşmən tapdağı altında olan torpaqlarımızı öz qanı və canı hesabına işğaldan azad edərək xalqa böyük Qələbə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Tərəfdaşlar