"ABŞ prezidenti Co Baydenin ermənilərin uydurması olan 1915-ci il hadisələrini “soyqırım” adlandırması təəccüb və təəssüf doğurur. Heç bir hüquqi əsası olmayan bu açıqlama ikili standartların ifadəsidir. Üzərindən bir əsrdən artıq vaxt keçmiş hadisələrin araşdırılmadan, məhkəmə qərarı olmadan qiymətləndirilməsi yanlışdır".

E-huquq.az xəbər verir ki, bu barədə "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, qondarma “erməni soyqırımı” iddiası tarixi həqiqətdən uzaqdır:

"Türkiyəyə qarşı "erməni soyqırımı" iddiası şübhəsiz ki, hüquqdan və tarixi gerçəklikdən uzaqlaşmanın və siyası maraqların alətinə çevrilmənin ən bariz nümunəsidir. Beynəlxalq hüquqda yer alan "soyqırım" ifadəsinin 1915-ci il hadisələri ilə bağlı istifadə olunması tarixin saxtalaşdırılmasıdır. Tarixin tədqiq edilməsi tarixçilərin işidir və onun bu və ya digər şəkildə saxtalaşdırılması yolverilməzdir. Eyni zamanda Bayden bu açıqlaması ilə beynəlxalq hüququ tapdalayır. Ancaq təəssüflər olsun ki, qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən əsl soyqırımı unudurlar.

Tarixdən məlum olduğu kimi, 1905-1907, 1918-1920-ci illərdə erməni daşnakları azərbaycanlılara qarşı kütləvi qətliamlar törədiblər. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 mülki şəxs qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş beynəlxalq cinayətdir. Əgər ABŞ Prezidenti və qondarma "erməni soyqırımı"nı tanıyanlar ədalətlidirsə, bunlarla bağlı da mövqe ortaya qoysunlar.

Tarix sirr saxlamır. Ümid edirik ki, Türkiyənin elan etdiyi kimi hər kəs öz arxivini açacaq və siyasətçilər deyil, beynəlxalq məhkəmələr bu məsələlərə öz qiymətini verəcək", - deyə bəyatda qeyd edilib.

Tərəfdaşlar