Son zamanlar Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxslərin sayında xeyli artım müşahidə olunur. Maraqlı məqam isə ondan ibarətdir ki, müraciət edənlərin 90%-i Rusiya Federasiyası vətəndaşlarıdır. Sual yaranır müraciətçilər ilk olaraq hansı addımları atmalıdırlar, vətəndaşlıq əldə edilməsi proseduru uzun çəkirmi, hansı sənədlər tələb olunur?

Bugün vətəndaşlıq məsələsinin hüquqi tərəfini işıqlandırmağa çalışacam. Sözsüz vətəndaşlıq əldə edilməsi heç də asan prosedur deyildir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası vətəndaşlarına cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək, seçmək, seçilmək kimi ümdə hüquqlar verilir, o halda hər istəyən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi absurd məsələdir. Yol verilən ən böyük yanlışlıqlardan biri isə, vətəndaşlığın əldə edilməsi ilə vətəndaşlığın qəbul edilməsi anlayışlarının fərqləndirilməməsidir. Vətəndaşlığın əldə edilməsi daha geniş anlayış olub, özündə həm vətəndaşlığa qəbulla bağlı məsələləri, həm şəxsin mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri və sair ehtiva edir.

Əgər şəxs:

1. 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa;
2. Azərbaycan Respublikasının ərazisində doğulduqda;
3. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;
4. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa;
5. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa;
6. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa,

O halda Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət ünvanlamalıdırlar. Bu müraciət 20 iş günü ərzində cavablandırılır. Əgər mənsubiyyətin tanınması barədə Miqrasiya Xidməti müsbət qərar qəbul edərsə, o zaman şəxs həmin sənəd əsasında şəxsiyyət vəsiqəsi üçün müraciət edə bilər. Şəxsiyyət vəsiqəsinin alınması vətəndaşlığın əldə olunması prosedurunun yekunlaşması deməkdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəddir.

Mənsubiyyəti tanınmayan şəxslər nə etməlidirlər?

Mənsubiyyəti müəyyənləşdirilməyən şəxslər isə aşağıdakı tələblərə cavab verdikləri halda vətəndaşlığa qəbul üçün müraciət etməlidirlər. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Vətəndaşları narahat edən digər məsələ isə, 5 illik müddətlə bağlıdır. Bu müddət qətidirmi, hər hansı güzəşt edilirmi, güzəşt edilirsə hansı kateqoriya üçün keçərlidir?

Əlbətdəki, qanunda hər zaman dispozitiv normalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 14-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Fidan İbrahimzadə

"Mirzayev and Partners Law Firm" hüquq şirkətinin hüquqşünası

Tərəfdaşlar