"Mirzayev and Partners Law Firm" hüquq şirkəti COVID-19 pandemiyası dövründə göstərdiyi dəstəyə görə "Caspian Energy Club" tərəfindən təltif olunub.

E-huquq.az xəbər verir ki, şirkətin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru, vəkil Şaiq Mirzəyev çıxış edərək göstərilən diqqətə görə "Caspian Energy Club"un rəhbərliyinə və üzvlərinə təşəkkür edib.

O bildirib ki, 2019-cu ildən fəaliyyətə başlayan "Mirzayev and Partners Law Firm" hüquq şirkəti vətəndaşların problemlərini hüquq müstəvisində həll etməyə qadir təcrübəli, müstəqil vəkillərin və hüquqşünasların komandasıdır: "Biz hüquqi və fiziki şəxslərin müdafiəsini və ən müxtəlif hüquqi problemlərin, ən mürəkkəb hüquqi məsələlərin müasir həllini təklif edirik. İstər yerli, istərsə də xarici müştərilərin problemlərini həll etməyə hazırıq. Şirkətimiz aztəminatlı və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrə pulsuz hüquqi xidmət göstərir. Vətəndaşlar və dövlət orqanları arasında yaranan problemlərin həll edilməsi bizim siyasətimizin əsas fəaliyyət istiqamətlərindən biridir. Biz “Mirzayev and Partners Law Firm” hüquq şirkətinin gələcəyinə böyük ümidlərlə baxırıq, çox ciddi və iddialı planlarımız vardır. Bizim xidmətlərin keyfiyyəti hüququn bir çox sahələri korporativ hüquq, əmlak məsələləri, müqavilə hüququ, miqrasiya hüququ və digər sahələr üzrə ekspert səviyyəsində biliklərə və təcrübəyə malik əməkdaşlarımızın olması, hüquq sisteminin fəaliyyətinin xüsusiyyətlərini bilməyimiz, hər bir müştəriyə fərdi və bir tərəfdaş kimi yanaşmağımız, yüksək professionallıq, məlumatların konfidensiallığının qorunması və etik standartlara əməl etməyimizlə bağlıdır".

Ş.Mirzəyev qeyd edib ki, "Mirzayev and Partners Law Firm" hüquq şirkəti müştərilərlə uzunmüddətli münasibətlərin qurulmasının tərəfdarıdır. Şirkətin komandasının üzvləri Azərbaycan Respublikasının, eləcə də xarici ölkələrin aparıcı hüquq şirkətlərində, dövlət müəssisələrində uzun illər çalışmış, hüququn ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış, müxtəlif beynəlxalq təlimlərdə iştirak etmiş və müsbət iş təcrübəsinə malik olan hüquqşünaslar və vəkillərdir.

"Biz qanunvericilikdəki dəyişiklikləri diqqətlə izləyirik və günün tələblərinə uyğun olaraq, təklif etdiyimiz xidmətlərin spektrini daim genişləndiririk. Hüquq şirkəti olaraq, əsas strategiyamız şirkətimizin dünya müstəvisində tanınması, yerli hüquqşünasların beynəlxalq arenaya çıxışının təmin edilməsidir. Hazırda şirkətdə 30 yaxın vəkil və hüquqşünas fəaliyyət göstərir. Biz xarici və yerli layihələrə imza ataraq uğurla həyata keçiririk. Hədəfimiz şirkətimizi ölkəmizdə tanıtmaqla, xarici ölkələrdə də fəaliyyətimizi davam etdirməkdir", - deyə o vurğulayıb.

Tərəfdaşlar