Bəzən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara illər əvvəl alqı-satqı müqaviləsi ilə özgəsinə satdığı mənzilində, o cümlədən digər obyektində qazdan istifadəyə dair ödənilməmiş borcu olmasına dair xəbərdarlıq daxil olur. Bildirişi alan vətəndaş mənzilin artıq onun istifadəsində olmadığını düşünərək bildirişi əhəmiyyətsiz hesab etsə də, bir müddət sonra vətəndaşa “Azəriqaz” İB tərəfindən məhkəməyə müraciət olunmasına dair bildiriş göndərilir. Vətəndaşlar isə sözügedən obyekti illər əvvəl satmış olduqlarından həmin mənzildə qazdan istifadə etməklərinin mümkünsüz olduğunu və borcun yeni mülkiyyətçidən tutulmalı olduğunu bildirərək etiraz edirlər. Belə olan halda, vətəndaş haqlıdırmı və ya “Azəriqaz” İB-nin mövqeyi nədər ibarətdir?
E-huquq.az məsələ ilə bağlı “Mirzayev and Partners Law Firm” hüquq şirkətinin hüquqşünası Əsmər Əliyevanın fikirlərini öyrənib.
Hüquqşünas bildirib ki, “Qazdan istifadə Qaydaları”nın 6.4-cü maddəsinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
"Yəni, vətəndaş obyektini satarkən borcunu tam ödədikdən sonra borcunun olmadığını təsdiq edən arayışı almaq üçün “Azəriqaz” İB-nin müvafiq idarəsinə müraciət etməli və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısısı Müqaviləsi”nə xitam verilməsi tələbini irəli sürməlidir. Əks halda, müqaviləyə birtərəfli qaydada xitam verilməsi “Azəriqaz” İB-nin səlahiyyəti xaricindədir. Bunun əsasında yeni mülkiyyətçi ilə “Azəriqaz” İB arasında yeni müqavilənin bağlanması əvvəlki mülkiyyətçini məhkəmə qarşısında öhdəliklərdən tamamilə azad edəcəkdir. Göründüyü kimi, həmin Qaydalarda müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi vətəndaşları məsuliyyətdən azad etmir. Bu səbəbdən, vətəndaşlara alqı-satqı zamanı diqqətli və tədbirli olmalarını tövsiyə edirik", - deyə Ə. Əliyeva qeyd edib.